CMS-də Zəfər Günü

Updated: Nov 30, 2021

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşü qalibiyyətlə başa çatdı. 44 gün davam edən müharibə nəticəsində Azərbaycan Ordusu xain düşməni əzərək işğal altında olan Vətən torpaqlarını azad etdi. Şücaətli əsgər və zabitlərimiz ordumuzun qüdrətini, hazırlıq səviyyəsini bütün dünyaya nümayiş etdirdi. Keçən ildən etibarən Azərbaycan xalqı 8 noyabr - Zəfər Gününü təntənəli surətdə qeyd edir. Vətən uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Müharibədə yaralanmış qazilərimizə isə möhkəm can sağlığı arzulayırıq! Bu gün CMS şirkətinin Birinci və İkinci Qarabağ müharibəsində iştirak etmiş 24 əməkdaşından bir neçəsi ilə səmimi görüş keçirildi. Digər əməkdaşlar gəmilərdə növbədə olduğundan, təəssüf ki, görüşə qoşula bilmədilər. Şirkət rəhbərliyi qazilərə müharibə zamanı göstərdikləri qəhrəmanlıq və şücaətə görə bütün həmkarlarımız adından minnətdarlıq bildirdi. Qeyd edildi ki, müharibə iştirakçısı olan heyət üzvləri sülh dövründə də eyni məsuliyyət və cəsarət nümayiş etdirərək üzərlərinə düşən vəzifənin öhdəsindən məharətlə gəlirlər, yüksək məsuliyyət tələb edən dənizçi peşəsinin adını hər zaman yüksək tutmaqdadırlar. Görüşün sonunda qazilərə təşəkkürnamə və qiymətli hədiyyələr təqdim edildi, xatirə fotoları çəkildi.


65 views0 comments