Uşaqlar Günü CMS-də qeyd edilir

CMS şirkətinin təşkilatçılığı ilə “Rəşid Behbudov” sürətli sərnişin gəmisində 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbiri keçirildi. CMS şirkətinin donanmasına məxsus olan “Rəşid Behbudov” gəmisinə səfər uşaqların böyük marağına səbəb oldu.


Balaca qonaqları şirkətin direktoru Fərid Qurbanov qarşılayaraq salamladı və bayramlarını təbrik etdi. Gəminin kapitanı Rəşad Zamanov bayram münasibətilə uşaqlara ən xoş arzularını çatdırdı və gəmi haqqında qısa məlumat verdi. Kapitan bildirdi ki, CMS şirkətinin sifarişi əsasında 2016-cı ildə Avstraliyada inşa edilən və Azərbaycan dənizçiləri tərəfindən su yolları ilə Bakıya gətirilən “Rəşid Behbudov” gəmisi hal-hazırda respublika əhəmiyyətli mühüm neft-qaz layihələrinə cəlb edilib. Uşaqlar gəmi haqqında nümayiş etdirilən video-çarxları böyük maraqlı izlədilər.

Uşaqlar gəmi heyətinin müşayiətilə gəmini gəzdilər, kapitan körpüsündə kapitanla fotolar çəkdirdilər.

Balacaların çoxsaylı xahişini nəzərə alaraq, Bakı buxtasında qısa dəniz turu da baş tutdu.


Gəmini tərk etməzdən əvvəl uşaqlara CMS şirkəti adından hədiyyələr təqdim edildi.


Tədbirdə iştirak edən valideyn və müəllimlər şən və maraqlı tədbirin təşkilinə görə CMS şirkətinə təşəkkürlərini bildirdilər.











95 views0 comments