SOCAR-ın “Azneft” İB-yə xidmət edəcək, neftçilərin Neft Daşlarına aparılıb-gətirilməsini həyata keçirəcək “Qara Qarayev” sərnişin gəmisi ilk səfərini reallaşdırıb.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə təşkil olunan mərasimdə rəmzi məna daşıyan qırmızı lent kəsildikdən sonra gəmi ilə tanışlıq olub. Gəmi kapitanı məlumat verib ki, Qara Qarayev gəmisinin sərnişin tutumu 120 nəfərə bərabərdir. Uzunluğu 57,6 metr, eni 12,5 metr olan gəminin maksimal sürəti 40 dəniz milidir. Bununla gəmi sahildən Neft Daşlarına olan yolu 1 saat 30 dəqiqədə qət edəcək.
Bu əlamətdar hadisə münasibətilə neftçiləri təbrik edən “Azneft” İB-nin baş direktoru Şahmar Hüseynov onlara rahat və xoş səfərlər arzulayıb: “Neftçilərimizin böyük bir hissəsi növbə dəyişən zaman Neft Daşlarına gedib-gələrkən təxminən 5-6 saatlıq uzun bir yol qət edirdilər. Artıq bu kimi çətinliklər arxada qaldı. Bu gəmi sizin səfərinizi daha rahat və qısamüddətli edəcək”.
Şahmar Hüseynov bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri işçilər üçün daha yaxşı sosial şəraitin yaradılmasıdır: “Bununla bağlı işlər görülür, lazımi addımlar atılır. Zaman keçdikcə siz bu istiqamətdə müsbət nəticələrin şahidi olacaqsınız. Necə ki, hər birinizin böyük sevincinə səbəb olan “Qara Qarayev” sərnişin gəmisini Neft Daşlarına yola salırıq”.
Sonra qrafikə uyğun olaraq Qara Qarayev gəmisi 120 şərnişinlə birlikdə Neft Daşlarına yola düşüb.
Comments